Azərbaycan Fəlsəfə Olimpiadasına (AzFO) qeydiyyat davam edir

Azərbaycan Fəlsəfə Olimpiadasına (AzFO) qeydiyyat davam edir 

Azərbaycanda VIII–XI sinif şagirdləri arasında keçirilən Azərbaycan Fəlsəfə Olimpiadasına (AzFO) qeydiyyat davam edir. Olimpiada dünyada ən nüfuzlu fəlsəfə esse yarışlarından biri olan Beynəlxalq Fəlsəfə Olimpiadasının (IPO) standartlarına uyğun şəkildə təşkil edilir və ölkədə bu layihənin rəsmi təşkilatçısı Global Olympiad Centerdir.

AzFO-nun final mərhələsində ən yüksək nəticə göstərən iki şagird, UNESCO və Fəlsəfə Cəmiyyətləri Beynəlxalq Federasiyası (FISP) tərəfindən dəstəklənən və 50-dən çox ölkənin qatıldığı IPO 2026-da Azərbaycanı təmsil etmək imkanı qazanacaq. Beynəlxalq mərhələ bu il Polşanın Varşava şəhərində Polşa Təhsil nazirliyinin ev sahibliyi ilə keçiriləcək.

Mütəxəssislərin sözlərinə görə, AzFO şagirdlər arasında fəlsəfi düşüncəyə marağın artırılması ilə yanaşı, onların analitik mühakimə, arqumentasiya və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirən ən əhəmiyyətli layihələrdən biridir. Təşkilatçı qurum Global Olympiad Center bildirir ki, olimpiada çətin fəlsəfi biliklər deyil, hər bir şagirdin öz fikrini əsaslı və ardıcıl şəkildə ifadə etmə bacarığını qiymətləndirir. 

Təşkilatçılar bildirirlər ki, “fəlsəfə” sözünün yaratdığı ilk təsəvvür valideyn və şagirdləri qorxutmamalıdır. AzFO xüsusi fəlsəfi bilik tələb edən akademik imtahan deyil. Burada şagirdlərdən sadəcə öz fikirlərini məntiqli şəkildə ifadə etməkideyanı əsaslandırmaq və analitik düşünməkbacarığı gözlənilir.

AzFO xüsusi hazırlıq tələb etmir. Seçim mərhələsində şagirdlərə təqdim olunan dörd mövzudan biri seçilir və onlar 2 saatlıq esse yazırlar. Əsas məqsəd şagirdin düşüncə tərzini, məntiqi yanaşmasını və ideyanı necə əsaslandırmasını yoxlamaqdır.

Olimpiada iki mərhələdən ibarətdir:

Seçim mərhələsi – esse Azərbaycan dilində yazılır.
Final mərhələsi – esse ingilis dilində yazılır və IPO meyarlarına uyğun qiymətləndirilir.

Təhsil ekspertləri vurğulayırlar ki, bu olimpiadada iştirak şagirdlərdə XXI əsr bacarıqları hesab olunan analitik təfəkkür, arqumentasiya, problem həlli və yaradıcı düşüncəni gücləndirir. Bu kompetensiyalar aparıcı dünya universitetlərinin qəbul proseslərində mühüm rol oynayır.

Qeyd edək ki, olimpiada tam ödənişsizdir. Qeydiyyat hazırda açıqdır və bütün VIII–XI sinif şagirdləri üçün əlçatandır.
Müraciət etmək üçün şagirdlər goc.edu.az saytına daxil ola bilərlər.