Azərbaycan Şagirdləri TIMO 2025 Finalında Böyük Uğura İmza Atdılar

Global Olympiad Center-in təşkilatçılığı ilə 17–22 aprel 2025-ci il tarixlərində Türkiyənin Antalya şəhərində yerləşən Akdeniz Universitetinin ev sahibliyi ilə Türk dünyasının II Beynəlxalq Riyaziyyat Olimpiadası (TIMO) uğurla keçirilib.

Final mərhələsində 18 ölkədən ümumilikdə 1399 iştirakçı bilik yarışına qatılıb. Azərbaycan bu mötəbər beynəlxalq yarışda 70 nəfərlik şagird heyəti ilə təmsil olunub. Şagirdlərimiz Türkiyə, İran, Rusiya, İordaniya, Nigeriya, Kosova, Çin, Pakistan, Hindistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Şri-Lanka, İndoneziya və digər ölkələrdən olan iştirakçılarla riyaziyyat üzrə mübarizə aparıblar.

Nəticə etibarilə Azərbaycan komandası ümumilikdə 32 medal qazanaraq böyük uğura imza atıb: – 8 nəfər qızıl medal – 8 nəfər gümüş medal – 16 nəfər bürünc medal

Qazandığı medalların sayına və əyyarına görə Azərbaycan komandası dünya sıralamasında Çin və Türkiyədən sonra üçüncü yerə yüksəlib.

Final mərhələsində fərdi göstəricilər üzrə Azərbaycan komandasının üzvləri Murad Məmmədli və Sadiq Sadıxzadə dünya ikincisi, Nazlı Ələkbərzadə isə dünya üçüncüsü elan olunaraq xüsusi mükafatlara layiq görülüblər.

Eyni zamanda qeyd olunmalıdır ki, dünya üçüncüsü olan Nazlı Ələkbərzadə və bürünc medalçı Əkbər Əlizadə Azərbaycanın Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Əli Ələkbərovun övladlarıdır.

Bu nəticə, ölkəmizin təhsil və elm sahəsindəki inkişafının, eləcə də gənc nəslin bilik və bacarığının beynəlxalq miqyasda tanınmasının bariz nümunəsidir.