Azərbaycan Milli İqtisadiyyat Olimpiadasının final mərhələsi baş tutub
15 mart 2026-cı il tarixində Azərbaycan Milli İqtisadiyyat Olimpiadasının (AzMİO) final mərhələsi keçirilib. Final turu çərçivəsində iştirakçıların iqtisadiyyat sahəsi üzrə bilik və bacarıqları beynəlxalq standartlara uyğun hazırlanmış tapşırıqlar əsasında qiymətləndirilib.
Bildirək ki, imtahan zamanı şagirdlərin bilikləri mikroiqtisadiyyat, makroiqtisadiyyat, beynəlxalq iqtisadiyyat, maliyyə və investisiya, eləcə də analitik iqtisadi problemlərin həlli istiqamətləri üzrə yoxlanılıb. İştirakçılardan iqtisadi modelləri anlamaq, qrafikləri düzgün interpretasiya etmək və riyazi iqtisadi hesablamalar aparmaq tələb olunub.
Final mərhələsi üç əsas bölmədən ibarət olub. Birinci bölmədə iştirakçılara iqtisadiyyat üzrə 25 test sualı təqdim edilib. İkinci bölmədə açıq tipli iqtisadi məsələlər yer alıb və şagirdlərdən tapşırıqları yalnız nəticə ilə deyil, həm də hesablamaların gedişi və iqtisadi əsaslandırma ilə təqdim etmələri tələb olunub. Üçüncü bölmə isə maliyyə savadlılığına həsr olunub. Bu hissədə iştirakçılar maliyyə və investisiya mövzuları üzrə test suallarını cavablandırmaqla yanaşı, praktiki təhlil tapşırıqlarını yerinə yetiriblər. Tapşırıqlar çərçivəsində iştirakçılar real maliyyə vəziyyətlərini analiz edib, investisiya alətlərini risk səviyyəsinə görə qiymətləndirib və müxtəlif ssenarilər əsasında qərarlar qəbul ediblər.
Final mərhələsində ən yüksək nəticə göstərən beş şagird ölkəmizi Azərbaycanı iyul ayında keçiriləcək Beynəlxalq İqtisadiyyat Olimpiadasında təmsil etmək hüququ qazanacaq.
Qeyd olunub ki, nəticələrə əsasən ilk 5 iştirakçı qızıl medal, növbəti 10 iştirakçı gümüş medal, daha sonrakı 20 iştirakçı isə bürünc medal ilə təltif olunur. Final mərhələsinə vəsiqə qazanmış, lakin medal əldə etməyən iştirakçılara fəxri fərman, digər iştirakçılara isə rəsmi iştirak sertifikat təqdim edilir.