15 mart tarixində Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində Spirit of Math Beynəlxalq Riyaziyyat Yarışmasının ölkə mərhələsi keçirilib. Yarışma Global Olympiad Center tərəfindən təşkil olunub və 1-ci sinifdən 8-ci sinfə qədər olan şagirdləri əhatə edib.
Sual sayı və imtahan müddəti şagirdlərin sinif səviyyəsinə uyğun şəkildə müəyyənləşdirilib. Belə ki, 1 və 2-ci sinif şagirdlərinə 20 sualı cavablandırmaq üçün 50 dəqiqə vaxt ayrılıb. 3 və 4-cü siniflər üçün imtahan 30 sual və 65 dəqiqə, 5 və 6-cı siniflər üçün isə 40 sual və 70 dəqiqə formatında keçirilib.
7 və 8-ci sinif şagirdləri üçün imtahan müddəti 85 dəqiqə təşkil edib və iştirakçılar bu müddət ərzində 40 sualı cavablandırıblar. Hər düzgün cavab sinif səviyyəsinə uyğun balla qiymətləndirilib və imtahanın sonunda iştirakçılar maksimum 100 bal toplamaq imkanı əldə ediblər.
Yarışmanın nəticələri xüsusi qiymətləndirmə meyarlarına əsasən müəyyənləşdirilir. İştirakçılar topladıqları ballara görə sıralanır və ən yüksək nəticə göstərən ilk 5 faiz şagird Qızıl medala layiq görülür. Növbəti 10 faiz iştirakçı Gümüş medal, sonrakı 25 faiz isə Bürünc medalla təltif olunur. Digər iştirakçılara isə yarışmada iştirak etdiklərini təsdiqləyən rəsmi sertifikat təqdim edilir.
Spirit of Math Beynəlxalq Riyaziyyat Yarışmasının böyük final mərhələsinin bu il Kanadanın Toronto şəhərində yerləşən Toronto Universitetində baş tutacaq. Avqust ayında təşkil olunacaq final mərhələsində Kanada, ABŞ, Meksika, İndoneziya, Peru, Türkiyə, Pakistan, Azərbaycan və digər ölkələr daxil olmaqla 30-dan çox ölkədən şagirdlərin iştirakı gözlənilir.
Yarışın medalçıları yaxın günlərdə goc.edu.az saytında və Global Olympiad Centerin rəsmi sosial media hesablarında elan olunacaq.