HIPPO Beynəlxalq İngilis Dili Olimpiadasının seçim turu keçirildi!
4 aprel 2026-cı il tarixində HIPPO Beynəlxalq İngilis Dili Olimpiadasının seçim turu keçirilib. Mərhələ Bakı şəhərində Odlar Yurdu Universitetində, Sumqayıtda Sumqayıt Dövlət Universitetində, Gəncədə isə Gəncə Dünya Məktəbində təşkil olunub.
Bildirilib ki, Azərbaycanda keçirilən bu mərhələ olimpiadanın ilkin seçim turu hesab olunur. Bu mərhələdə yüksək nəticə göstərən iştirakçılar növbəti olaraq Milli Finala, daha sonra isə Regional Final mərhələsinə vəsiqə qazanacaqlar.
HIPPO Beynəlxalq İngilis Dili Olimpiadası müxtəlif ölkələrdən olan şagirdləri bir araya gətirən beynəlxalq platformalardan biri kimi təqdim olunur. Olimpiada iştirakçılara ingilis dili biliklərini nümayiş etdirmək, eləcə də beynəlxalq akademik mühitdə iştirak etmək imkanı yaradır.
Qeyd edək ki, HIPPO Olimpiadasının Regional Final mərhələsi 24-27 iyun tarixlərində Bakı şəhərində keçiriləcək. Bu mərhələdə 40-dan çox ölkədən iştirakçıların Azərbaycana gəlməsi gözlənilir. Olimpiadanın ən yüksək mərhələsi olan Böyük Final isə İtaliyanın Assisi şəhərində təşkil olunur və regional mərhələdə uğur qazanan iştirakçılar bu finala vəsiqə əldə edirlər.
Seçim turu üzrə nəticələr 2-3 həftə ərzində ilk olaraq HIPPO olimpiadasının rəsmi saytında, eləcə də Global Olympiad Center-in rəsmi sayt və sosial media hesablarında açıqlanacaq. İmtahanın yoxlanılması və qiymətləndirilməsi Böyük Britaniyanın Gatehouse Awards qurumunun beynəlxalq standartlarına uyğun həyata keçirilir.
Gatehouse Awards qaydalarına əsasən, imtahandan sonra düzgün və səhv cavablar açıqlanmır, iştirakçılar yalnız topladıqları ümumi balı görə bilirlər və suallar üzrə fərdi nəticələr təqdim olunmur.