AI Azerbaijan - Azərbaycan Süni İntellekt Olimpiadasının Finalçıları Elan Olundu!
Global Olympiad Center tərəfindən təşkil olunan AI Azerbaijan Süni İntellekt Olimpiadasının seçim mərhələsinin nəticələrinə əsasən finala vəsiqə qazanan iştirakçılar müəyyənləşib.
Olimpiada 14 mart 2026-cı il tarixində Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Naxçıvan şəhərlərində keçirilib. Yarışma süni intellekt sahəsinə maraq göstərən şagirdlər üçün ölkə üzrə seçim mərhələsi kimi təşkil olunub.
AI Azerbaijan Süni İntellekt Olimpiadası iki əsas kateqoriya üzrə həyata keçirilib. 5-8-ci sinif şagirdləri Junior Division, 9-11-ci sinif şagirdləri isə Senior Division kateqoriyasında iştirak ediblər. Keçirilən seçim turunda iştirakçılar riyaziyyat və məntiq üzrə sualları cavablandırıblar. Final mərhələsində isə süni intellekt sahəsinə aid nəzəri və praktik tapşırıqları yerinə yetiriblər. Bu mərhələdə şagirdlərin analitik düşünmə, problem həll etmə və texnoloji savadlılıq bacarıqlarını sınayacaqlar.
Seçim turunun yekun nəticələrə görə, junior kateqoriyada 68 və daha yüksək, senior kateqoriyada isə 64 və daha yüksək bal toplayan şagirdlər final mərhələsində iştirak hüququ əldə ediblər.
Final mərhələsində ən yüksək nəticə göstərmiş 8 şagird Əbu-Dabidə keçiriləcək International Olympiad in Artificial Intelligence (IOAI) final mərhələsində Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.
Baş tutan layihə ölkədə gənclər arasında müasir texnologiyalara marağın artırılması istiqamətində aparılan siyasətə uyğun olaraq icra olunub. Olimpiadanın əsas məqsədi süni intellekt sahəsində biliklərin təşviqi, istedadlı şagirdlərin aşkarlanması və onların beynəlxalq platformalara çıxış imkanlarının genişləndirilməsi olub. Onu da qeyd edək ki, AI Azerbaijan Süni İntellekt Olimpiadası iştirakçılar üçün ödənişsiz əsasda təşkil edilib.
Global Olympiad Center bildirir ki, bu təşəbbüs ölkədə rəqəmsal savadlılığın artırılması, innovativ düşüncə tərzinin formalaşdırılması və gələcək texnologiya sahəsində ixtisaslaşacaq kadrların yetişdirilməsi baxımından əhəmiyyət kəsb edir.