AI Azerbaijan – Süni İntellekt Olimpiadasının seçim mərhələsi keçirilib

AI Azerbaijan – Süni İntellekt Olimpiadasının seçim mərhələsi keçirilib

Global Olympiad Center-in təşkilatçılığı ilə AI Azerbaijan – Azərbaycan Süni İntellekt Olimpiadasının seçim mərhələsi keçirilib. Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Naxçıvan şəhərlərində təşkil olunan mərhələdə 5–11-ci sinif şagirdləri iştirak ediblər. Seçim turunda yüksək nəticə göstərən iştirakçıların ən yaxşı 30 faizi Milli Final mərhələsinə vəsiqə qazanacaq.

Olimpiada iki kateqoriya üzrə baş tutub: junior division üzrə 5–8-ci sinif, senior division üzrə isə 9–11-ci sinif şagirdləri yarışıb. İştirakçılar 90 dəqiqə ərzində 25 sualdan ibarət test tapşırıqlarını cavablandırıblar. Yarışma AI Azerbaijan olimpiadasının rəsmi sillabusuna əsasən təşkil olunub və ümumilikdə 2800-dən çox şagird qeydiyyatdan keçib.

Təşkilatçılar bildiriblər ki, seçim mərhələsində təqdim olunan suallar əsasən riyaziyyat və məntiq üzrə baza istiqamətlərini əhatə edib. Junior kateqoriyasında tapşırıqlar sadələşdirilmiş riyaziyyat və məntiq mövzuları üzərində qurulub. Senior kateqoriyasında isə iştirakçılara kombinatorika, ehtimal, analitik modelləşdirmə və daha geniş riyazi təhlil tələb edən suallar təqdim edilib. Mərhələnin əsas məqsədi süni intellekt sahəsi üçün vacib hesab olunan riyazi və məntiqi təfəkkürün ilkin səviyyəsini müəyyənləşdirmək olub.

Məlumata görə, Milli Final mərhələsi üç əsas hissədən ibarət olacaq: nəzəri test, alqoritmik düşünmə və süni intellekt simulyasiya tapşırıqları, eləcə də sosial problemlərə yönəlmiş mini layihə təqdimatı. Bu mərhələdə iştirakçılar yalnız nəzəri biliklərini deyil, texnologiyanı real problemlərin həllinə tətbiq etmə bacarıqlarını da nümayiş etdirəcəklər.

AI Azerbaijan olimpiadasının əsas məqsədi Azərbaycanı beynəlxalq səviyyədə təmsil edəcək şagirdləri müəyyənləşdirməkdir. Milli finalın nəticələrinə əsasən seçiləcək 8 nəfərlik komanda Azərbaycanı Beynəlxalq Süni İntellekt Olimpiadasında – IOAI-də təmsil edəcək.

Qeyd edək ki, bu il beynəlxalq final mərhələsinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılır. Üçüncü dəfə təşkil olunacaq beynəlxalq yarışda 109 ölkədən 150-dən çox komandanın iştirakının gözlənildiyi bildirilir.